18 Kasım 2015 Çarşamba

17 Noyabr Milli Dirçəliş Günü

Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır.
Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.
Keçən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovetlər İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdır. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdır. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlamışlar. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlının qətlə yetirmələri Bakıda milli hissləri alovlandırmışdır. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etmişdir. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət almışdır. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişmiş və müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilmişdir.
Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsil intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər İttifaqı dağılmağa başlayanda xalqın dayağı olmuşdur.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş vermişdir. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Ulu öndərin Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunmuşdur. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulmuşdur.

7 Kasım 2015 Cumartesi

9 Noyabr Bayraq günü


Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanı salınıb.
Azərbaycanın dövlət bayrağı yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.

5 Kasım 2015 Perşembe


Noyabrın 7-də saat 11:00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.
Yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak edəcəklər.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.
“Bayraq yürüşü”nün “Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə tutulur.