ƏDƏBİYYAT

                                                     SEYİD ƏZİM ŞİRVANİ



Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.
Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, SədiHafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.
Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi" xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabininxeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:
Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir.                                
                                                   


                                                                SƏMƏD VURĞUN

  
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov(1902-1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924QazaxQuba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, VaqifVidadiZakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq FikrətNamiq KamalMehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxırdı. Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin yaxın qohumu Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin "Yevgeni Onegin" mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin "A.S.Puşkin medalı" təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonunİlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif"i yazır. "Vaqif" dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür.
1937-1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə "onun məsələsinə" baxılmış, böyük şair "olum və ya ölüm" dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun "Leyli və Məcnun" poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan "Xanlar"ı yazmışdır. Həmin il onun "Azad ilham" kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı "Ukrayna partizanlarına" şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun KrımMozdokQroznıNovorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan "İnsan"da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı "Qardaşlıq şəhəri"ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: "Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir." [1]
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun "Vaqif" dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra "Zəncinin arzuları" poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur "Avropa xatirələri" adı ilə çap etdirmişdir.
1951-ci ildə şair "Bolqar-sovet dostluğu cəmiyyəti"nin xəttilə Bolqarıstanda olmuşdur.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. "Aygün" poeması tənqid edilir, şairin Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda "Sovet poeziyası haqqında" məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
        1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekinxəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
           



                                                     NİZAMİ GƏNCƏVİ

Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiyatibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyuGəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını "Leyli və Məcnun" əsərində özünə qüsur tutmuş, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunmuşdur:
Hökmdarın xalqa qayğısı və ədaləti
"Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Rabiyə olmasaydı xilaskarı, köməyi,
Susuzluq təşnə düzdə öldürərdi köpəyi.
İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,"
"Sirlər xəzinəsi", Nizami Gəncəvi


                                                      
                                                              MƏHƏMMƏD FÜZULİ

Məhəmməd Süleyman oğlu Füzuli — görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdaddadeyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.
Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqaAzərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.
XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.Dahi Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir.Şairin qəbridə məhz Kərbəladadır
Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiqtibbnücumriyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.
"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.
Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.
Füzuli üç dildə qəzəlqəsidəmüsəddəstərkibbəndtərcibəndrübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.
Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada AristotelPlatonEmpedoklDemokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
"Məni candan usandırdı"
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
* * *
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
* * *
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?
* * *
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
* * *
Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
* * *
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
* * *
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Fizuli



Hiç yorum yok:

Yorum Gönder