17 Eylül 2016 Cumartesi

“Elektron Təhsil” Respublika müsabiqəsi

Sentyabrın 19-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.
Müsabiqə 3 istiqamət (Müəllim, Şagird və Məktəb istiqamətləri) olmaqla, 6 nominasiya üzrə keçiriləcək.
Müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.

Təhsil naziri Zərdab şəhərində vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 23 sentyabr 2016-cı il tarixində saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 19, 20, 21 sentyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.