1 Temmuz 2014 Salı

Qarabağ düşmən tapdağında qalmayacaq!

  Qarabağ düşmən tapdağında qalmayacaq!


Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “Cəngi” də, “Koroğlunun uvertürası” da Qarabağ notu əsasında bəstələnib. 
Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumzun dilbər guşəsidir.

Şuşa – qəsbkar şahların başını bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.

Topxana – Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif yadigarı olan cənnət diyarımızdır. Hələ Kəlbəcər, Turşsu, İsa bulağı…

Çox-çox təəssüflər olsun ki, qoruya bilmədik Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını. İstəməsək də, verdik yağı ayağının tapdağına. Özümüz göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə çəkildi.

Azərbaycan dünyanın cənnət diyarı, şah əsəridir. Bu şahın tacı isə Qarabağdır. Tacı isə başda gəzdirərlər. İndi bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.

Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi haraydadır:
Sinəmə dağ oldu – gülüzlü Şuşa,
Şuşasız bu dünya laləzar deyil,
Şuşasız bu ölkə yoxdur – var deyil.
Bu gün biz “Qarabağ bizimdir!” deyib özümüzə təsəlli  versək də, əslində bilirik ki, Qarabağ bizim yox, düşməmlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox, vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan bircə “Vətən” kəlməsinə həsrətdir. Bizdə bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik.

Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Mən inanıram ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir. Mən inanıram ki, həmin şad günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən  arzularımız gerçəkləşəcək, Qarabağ həsrətimizə son qoyulacaqdır.
Keçmə şerindən, muiqisindən,
Könlümün sevgisi bu oylaqdadır.
Sevinməyə haqqım yoxdur dünyada
Çünki Qarabağım dar ayaqdadır.

                                                                      ''' 


                                                           QƏHRAMANLAR OLMÜRLƏR




Vətən… Bu kəlmə nə qədər də mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir.            
Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır. 
Laylasında anam mənə
Belə demiş dönə-dönə,
Bir anan mən, biri vətən
Yadda saxla bunları sən.
Mənim vətənim Azərbaycandır. Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm, bütün varlığımla bu füsunkar diyara bağlıyam. Mənim Vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Mən Vətənimin laləli çöllərini, zirvəsi ağ örpəkli, ətəyi yaşıl meşəli dağlarını, coşqun çaylarını, firuzə qaşlı üzüyə bənzər göllərini, şır-şır axan bulaqlarını candan artıq sevirəm. Yaşıl ormanlar, mavi səma, ağ çalmalı dağlar, dərələrdən axan şəffaf çaylar yurdumun füsunkarlığını birə-min artırır. Təbiətin əfsanəvi gözəli Göy göl kim vurulmaz?!           
Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazmış, bəstəkarlarımız musiqi bəstələmiş, yazıçılarımız bu gözəllikləri öz əsərlərində dolğun əks etdirmişlər.  
Vətəni sevmək nə deməkdir?  
Vətəni sevmək Vətən fədaisi olmaq deməkdir. Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. Vətəni sevmək Vətəni qorumaq, onun hər qarışını sevmək, Vətən naminə canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur.  
Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi Vətənə məhəbbətin, yurd sevgisinin bariz nümunələridir.            
Son dövrlərin zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, Azərbaycanda indi də canını Vətən yolunda qurban verməyə, onun uğrunda ölümə getməyə hazır olan igid oğul və qızlarımız çoxdur. Bu mərd və mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə nümunə ola biləcək şərəfli bir iz qoymuşlar.            
Vətəni sevmək torpağı sevməkdir. Vətənə məhəbbət xalqa məhəbbətdir.            
XVIII əsrin görkəmli şairi M. P. Vaqif doğma vətənini hədsiz bir məhəbbətlə sevir, onu azad və şən, xalqını isə firavan və xoşbəxt görmək istəyir. Qaniçən və qəsbkar Qacar isə bu yerlərə hücum edir, yandırır, viran qoyurdu. Xalqa qənim kəsilmiş, yeganə ümidi öz  qanlı qılıncı olan bu vəhşi fatehin ən böyük faciəsi vətən məhəbbətindən məhrum olması idi. Bunu onun özü də etiraf edirdi:
Vətən! Çoxmu sevir məni o vətən?
Mənə həcv yazır hər yoldan ötən…
Çox da tərifləmə mənə vətəni,
Bu qılınc olmasa yeyərlər məni! 
Vətəni sevmək, göz bəbəyi kimi qorumaq, onun torpağının, daşının qədrini bilmək, sözün əsl mənasında həmişə mübariz və mərd vətən övladlarının, cəsur və namuslu insanlarının ən nəcib və müqəddəs vəzifəsidir.Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal, ümdə arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın da əsas obyekti vətən torpağı, doğma el-obadır. Lakin azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının canı bahasına əldə edir.  
Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngavərlər vətənin azadlığı, zəhmətkeş xalqın rifahı naminə mübarizə aparmış, öz canlarını bu yolda qurban verməkdən çəkinməmişlər.  
Tarixdən silinməz böyük adın var,
Min bir gözəlliyin, xoş muradın var,
Cəsur igidlərin, qol-qanadın var,
Qəhrəmanlar yurdu şən Azərbaycan! 
Son dövrlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də yetərincədir. Həm göz dağımız, həm də fəxarət yerimiz olan Şəhidlər Xiyabanı belə Vətən övladlarını öz ağuşuna almış, ölməzliyə qovuşdurmuş, şəhid ucalığına qaldırmışdır. Mən bu yazımda vətən uğrunda vuruşan, Vətən uğrunda ölən bir qəhrəman haqqında söz açmaq istəyirəm.            
Şükürov Şahlar Əvəz oğlu Kəlbəcər rayonunda anadan olmuş, orta məktəbdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonrakı illərdə isə SSRİ DİN Akademiyasını bitirmişdir. 1970-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı şəhərində, Azərbaycanın bir sıra rayonlarında milis orqanlarında çalışmışdır. 1987-ci ildən Zərdab rayonu Daxili İşlər Şöbəsinə rəis müavini vəzifəsində işləyirdi, milis mayoru vəzifəsi vardı. 
Qarabağ savaşı başqa vətən övladları kimi Şahları da düşmənlə üz-üzə qoydu. Vətəni qorumaq lazım idi, o isə vətəni özündən də çox sevirdi.  
Şahların başçılıq etdiyi milis dəstəsinə ən məsuliyyətli tapşırıqlar verilir, dəstə ən çətin işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Şahlar həmişə öndə gedir, sinəsini öz dəstə yoldaşları üçün sipər edir, onlara nümunə göstərirdi. Mayor cəsarət və mərdliyi ilə ad qazanmışdı, ermənilərin qənimi sayılırdı. Döyüşlərin ən təhlükəli meydanlarında görünür, düşmənə od yağdırırdı. Döyüşlərdən birində amansız bir güllə hərarətli qəlbin döyüntülərinə son qoydu, vətəni canından artıq sevən Şahlar doğma torpağının şəhidinə çevrildi.  
Azərbaycan Respublikası suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə milis mayoru Şahlar Əvəz oğlu Şükürov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.  
Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir. Ana Vətənin, doğma diyarın, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını fəda edənlərə əbədi eşq olsun!

İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona “Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. 
Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla cəlb etdiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın övladını torpaq özü götürməz. 

Azərbaycan! Mənim doğma vətənim! Sən mənə nə qədər əziz, nə qədər munissən. Mən səni öz canımdan da artıq sevirəm.  
Vətənə “Ana” deyirik. Bu kəlməyə hər kəs təkcə dilinin deyil, qəlbinin, hissiyyatının, idrakının, bir sözlə, varlığının bütün şirinliyini qatır. Həyatda kimsə həyat yoldaşından ayrılıb başqası ilə evlənə bilər, kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə, yeganəliyinə görə müqəddəsdir, ülvidir, Allahın Özü kimi birdir, təkcədir. Ananı seçmirlər, onu dəyişmək də olmaz. Ana ülvidir, safdır, doğmaların doğmasıdır. “Ana” dediyimiz Vətən də belədir. Onu da nə dəyişmək olar, nə də yenisini axtarmaq… Onu ancaq qorumaq, yolunda sipər olmaq gərəkdir. Çünki qorunmayan torpaqdan vətən olmaz.  
“Dədə Qorqud” filmində maraqlı bir epizod var. El ağsaqqalı, əli qopuzlu xalq ozanı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir: “Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağına dəyməz. Əgər qorumasan, onda da əkib becərməyinə dəyməz”. Doğrudan da, çox dəyərli sözlərdir. Biz vətənin övladları, vətən oğluyuq. Vətən bizə oğul deyirsə, biz də bir oğul kimi onun qədrini bilməli, onun azadlığı və suverenliyi uğrunda canımızdan belə keçməyi bacarmalıyıq.  
Azərbaycan! Ana torpaq!
Mən pərvanə, sən bir çıraq,
Varlığına varaq-varaq
Qurban olum, qurban olum. 
Hazırda vətənimiz Azərbaycan öz ağır günlərini yaşayır. Ana vətənimizin qəlbində Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı yerimizdir. Qarabağ kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda, biz heç vaxt özümüzü bəxtəvər hesab edə bilmərik. Buna bizim mənəvi haqqımız da yoxdur. Ya şəhid olmalı, ya da qəlb göynərtimiz olan Qarabağ torpağını qaytarmalı, Cıdır düzünə, İsa bulağına, İstisuya, Turşsuya qovuşmalıyıq.  
Əlbəttə, ən böyük arzumuz odur ki, Ulu Tanrı ölümlə üz-üzə duran yurddaşlarımızı heç vaxt dünya işığına, həyatın şirinliyinə həsrət qoymasın, onları dünyanın ən qiymətli əşrəfi kimi hifz edib saxlasın. Lakin nə edəsən ki, müharibə müharibədir və o, itkisiz, qansız-qadasız olmur. Əgər Vətənimin – doğma Azərbaycanımın istiqlalının ən kiçik səhifəsi mənim qanımla yazıla bilərsə, mən bütün cismimi ulu yurduma qurban verməyə hazıram və inanıram ki, qeyrətli övladları olan ölkəm qalib gələcək və xoşbəxtlik sevincini yaşayacaqdır.
                    
                      Kişi kişidirsə,             
            qorxmaz ölümdən,
Bu yoldakı
                  çətinlikdən, zülmdən. 
           Əgər Qarabağım
               getsə əlimdən,
                  Bağışlarmı məni
                    xalqım, vətənim?

Hiç yorum yok:

Yorum Gönder