XOCALI FACİƏSİ.
1988 – ci ildən başlamış Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və faciəli hadisələrindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Badbiyar, Xatın, Liditse, Sonqimi faciələri ilə eyni səviyyədə durur.
Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərilərin yaşadıqları ikinci böyük yaşayış məntəqəsidir. 1990 – cı ildə şəhər statusu almışdır. 1991 – ci ilin məlumatına görə, əhalisini 7 min nəfər azəri təşkil edirdi. Bu şəhərdə 1988 – ci ilin sentyabrın 18 – də Xankəndindən, 1988 – ci ilin noyabrında Ermənistandan qovulmuş azəri türkləri, 1989 – cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.
Dağlıq Qarabağda yeganə təyyarə meydanı Xocalıda yerləşirdi.
Erməni silahlı qüvvələri Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları, keçidləri tutmuşdular. Şəhərin quru yolla xarici aləmlə əlaqəsi kəsilmişdi. Elektrik enerjisi yox idi. Xocalının xarici alələ əlaqəsi 1991 – ci ilin noyabrından etibarən ancaq radio – telefonla və mülki vertolyotlarla idi. 28.01.1992 – ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağ üzərində Azərbaycan Hava Yolları Dövlət şirkətinə mənsub Mİ – 8 markalı mülki vertolyot vurulduqdan və vertolyotda 40 – dan artıq azərbacanlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilmişdir.
Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilmiş, 50 – 60 ədəd avtomat silah və ov tüfəngi ilə siahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa kimi siahlanmış ermənilər şəhərin mühasirə halqasını günü – gündən daha da sıxmış və 1992 – ci ilin fevral ayının 25 – dən 26 – a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ – nin 366 – cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etmişlər. Xocalıya artilleriya və ağır hərbi texnikadan atəş açılmış, şəhərdə güclü yanğınlar başlamış, şəhər tamamilə alova bürünmüş, yerlə yeksan edilmişdir. Hücumda ermnilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366 – cı alayın 2 – ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3 – cü batalyonu, 1 – ci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50 – dən artıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D – 30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir. İstintaqla müyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına geə saat 22 radələrində basqın etmiş, əvvəlcə şəhəi şiddətli artilleriya atəşinə tutmuş, sonra isə çoxsaylı tanklar, PDM və bronetransportyorlar vasitəsilə şəhərə daxil olmuş, evlərində yatmış dinc əhalini vahiməyə salaraq onları vəhşicəsinə məhv etməyə başlamışlar. Bu zaman qadın, uşaq, qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq, tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər. Şəhərin müdafiəçiləri və yerli əhali şəhəri tərk etməyə məcbur olmuşdur. Fevral ayının 26 –ı səhər saat 5 – ə qədər şəhər zəbt edilmişdir.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə, kimi isə yaxınlıqda azərilərin yaşadığı Ağdam şəhərinə üz tutmuşdu. Naxçıvanik kəndi yaxınlığında, açıqlıq ərazidə dinc əhali ermənilər tərəfindən güllələndi və onlara amansız divan tutuldu.
Qaranlıq, müdhiş bir gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşlaşdılar. Çarəsiz ana öz qucağında 6 aylıq körpəsini boğdu, bir yaşlı körpə döşləri kəsilmiş anasının qanlı döşlərini acından ağlaya – ağlaya sordu, qız – gəlinlər əsir düşdülər, girov oldular, həftələrlə meşələrdə onlarla insan acından, soyuqdan tələf oldu.
Azğınlaşmış erməni cinaytəkarları azəriləri xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Onlar mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azəriləri də yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, görünməmiş vəhşiliklə öldürürdülər.
Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəst olanların 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlanlar və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmiş, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn edilmişdir. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri – diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətiriməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.
Meyidlərin xarici müayinəsi, məhkəmə – tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə erməni hərbçilərinin azərilərə qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları : baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azəri başının qurbanlıq kimi kəsilməsi faktları müəyyən edilmişdir. Silahlı quldurlar qadına, qocaya, uşağa fərq qoymadan hamıya işgəncə vermişdilər. Qadınlarının döşlərinin kəsilməsi, cinsiyyət orqanına atəş açması adi hal olmuşdur.
Müəyyən edilmişdir ki, 1956 – cı ildə anadan olmuş Orucov Telman Ənvər oğlu Xocalı şəhərində mühasirədən çıxıb qaçarkən 26.02.1992 tarixində Naxçıvanik kəndi yaxınlığında ermənilər tərəfindən güllələnmiş və başının dərisi soyulmuşdur.
1963 – cü ildə anadan olmuş Mustafayev Vidadi Şəfa oğlu, 1962 – ci ildə anadan olmuş Nuriyev Hafis Yusif oğlu, 1968 – ci ildə anadan olmuş İlyasov Əhməd Məmməd oğlu və başqalarının başları kəsilmişdir. Bakıdan olan Bədəlov Tofiq, 1961 – ci il təvəllüdlü Rəcəbov Cəbrayıl Mehti oğlu tankla əzilmiş, qulaqları kəsilmiş, gözləri çıxarılmışdır.
Məmmədova Tamara Səlim qızı, Dadaşova Əsli Bəbir qızı, Əmirova Mahı Bəbir qızı, Hümbətova Əhanət Eldar qızı, Nuralıyeva Dilarə Oruc qızı və başqalarının gözləri çıxarılmış, döşləri kəsilmişdir. D. O. Nuralıyevanın, həmçinin dişləri çıxarılmışdır.
Səlimov Bahadır Mikayıl oğlu , Aslanov İqbal Qulu oğlunun cinsiyyət üzvləri kəsilmiş, gözləri çıxarılmış, diri – diri yandırılmışdır.
Səlimov Arzu Bahadır oğlunu yaralı tutub körpə uşağının gözü qarşısında armaturla işgəncə verərək döyüb öldürmüşlər.
Kərimova Firəngiz Məhəmməd qızının bədəni tam doğranılmış, gözləri çıxarılmış, qulaqları və döşləri kəsilmişdir.
Xocalı şəhərinin işğalı zamanı dövlət və ictimai idarə, müəssisə, təşkilatların əmlakının məhv edilməsi nəticəində 1992 – ci ilin dekabr ayı üçün qiymətlər miqyası ilə 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində, Xocalı şəhərinin əhalisinin şəxsi əmlakına 1992 – ci ilin mart ayı üçün qiymətlər miqyası ilə 229 milyon 861 min 800 rubl ziyan vurulmuşdur.
Aparılmış istintaq zamanı azərilərə qarşı soyqırım cinayəti edən erməni hərbi qulluqçuları və 366 – cı alayın komanda heyəti barədə, törətdikləri konkret cinayətlər barədə məlumatlar toplanmışdır.
İş üzrə şahid qismində dindirilmiş Xocalı şəhər sakini Abbasov Ələmdar Məmmədvəli oğlunun ifadəsi ilə müəyyən edilmişdir ki, o və 150 – ə qədər Xocalı sakini mühasirədən çıxıb Ağdama qaçarkən pusquda durmuş ermənilər onların bir hissəsini yerindəcə xüsusi amansızlıqla öldürmüş, qalanını isə tutub həbs etmiş, həbsdə gündəlik onları döyüb işgəncə vermişlər. Onu və Salahov Məhəmməd Əbdül oğlunu dəyişdirmək adı ilə Əsgəran rayonuna, milis şöbəsinin ibtidai həbs evinə gətirmiş, orada da hər ikisini armaturla döyərək, onlara işgəncə vemişlər. Döyülməkdən Ə. M. Abbasovun iki qabırğası və qolu sınmış, M. Ə. Salahov isə döyülməkdən, işgəncədən onun qolları üstündə ölmüşdür.
Onları Dəhriz kəndi yaxınlığında tutan ermənilərdən birinin adı Serjik idi. O, Sumqayıtda yaşamış ermənilərdən idi. Əsgəran milisində isə onları döyənlərin arasında İrəvandan gəlmiş xüsusi təyinatlı milis dəstəsindən olan Manvel və Qarik adlı erməniləri görsə, tanıya bilər.
Xocalı şəhərinin işğalı zamanı ermənilər tərəfindən tutularaq, girovda olmuş Abbasov Elbrus Ələmdar oğlu ifadəsində göstərmişdir ki, Stepanakert (Xankəndi) milisində əsirdə olarkən Artur və Slavik adlı serjantlar və Feliks adlı leytenant onları mütəmadi olaraq, döyürdülər. Onlar Xocalı sakinləri Novruzov Ələsgər Xanlar oğlu və Şəliyev Vəkili doyüb işgəncə verməklə öldürmüşlər.
366 – cı alayın komanda heyətinin Dağlıq Qarabağın azəri əhalisinə, o cümlədən Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım cinayətində erməni silahlə qüvvələri ilə birlikdə iştirakı istintaq zamanı toplanmış aşağıdakı sübutlarla təsdiq edilir :
366 – cı alayın 1 – ci batalyonunda qərargah rəisinin müavini olmuş Tuşov Sergey Daniloviçin ifadəsi ilə müəyyən olunur ki, 1991 – ci ilin sentyabrın axırlarından alay komandiri Zarviqorovun əmri ilə 2 – ci batalyonun komandiri Ohanyan Seyran, 3 – cü batalyonun komandiri Yevgeni Nabokix, artilleriya divizyonu komandiri Lixodey İqor, maddi təchizat rotasının komandiri Miroşniçko İqor, tank vzvodunun komandiri Smaqin döyüş növbəsinə çıxırdılar, bu zaman onlar Dağlıq Qarabağın azərilərə məxsus yaşayış məntəqələrini atəşə tuturdular. Ohanyan Seyran özü ona danışıb ki, Kərgicanah və Malıbəyli kəndlərinin işğal edilməsi zamanı erməni yaraqlılarına komandirlik edib. 1992 – ci ilin fevral ayının 26 – a keçən gecə Xocalı şəhərinin işğalına 3 – cü batalyonun komandiri Yevgeni Nabokix rəhbərlik etmişdir. Hücumda 2 – ci batalyonun komandiri Ohanyan Seyran, 1 – ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy və başqa ermənilər də iştirak etmişlər.
Xocalı faciəsi nəticəsində, 613 nəfər şəhid olmuşdur, onlardan, 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca, 487 nəfər yaralanmışdır; onlardan, 76 nəfəri uşaq, 1275 nəfər girov götürülmüşdür; 150 nəfəri itkin düşmüşdür; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq bir valideynini itirmişdir; 8 ailə tamamilə məhv edilmişdir.
Hiç yorum yok:
Yorum Gönder