2009-cu
il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam
imzalayıb. Ötən il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı
Günü kimi rəsmiləşdirib. Həmin cün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə
əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin
bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan
Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq
Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək
dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq
edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan
Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı
elan edib.
1991-ci
il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə
qanunvericilik bazası təkmilləşdirilib.
Dövlət
bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin
binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə
yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman
yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində
Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına
əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və
Dövlət bayrağı meydanı salınıb.
Azərbaycanın
dövlət bayramı yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli
ulduzdan ibarətdir.

Hiç yorum yok:
Yorum Gönder